Category Archives: Eko maarifləndirmə

Azərbaycan təbiəti və tarixi-coğrafi mövqeyi

       Azərbaycan ərazisinin əlverişli təbii-coğrafi mühiti hələ qədimdən insanların burada məskən salmasına şərait yaratmışdır. Antik müəlliflər Herodot (e.ə. V əsr), Polibi (e.ə. təqr. 200 – e.ə. təqr.120), Strabon (e.ə. 64/63 – eramızın 23/24), Klavdi Ptolemey (təqr. 90 – təqr. 160) və b. öz əsərlərində Azərbaycanın coğrafi mövqeyi, sərhədləri, çayları, yaşayış məntəqələri, burada məskunlaşmış tayfalar, Xəzər dənizi, onun heç bir dənizlə əlaqəsi olmaması və s. haqqında məlumtalar vermişlər. Daha sonralar ərəb coğrafiyaşünasları və səyyahlarından İbn Xordadbeh (təqr. 820/826 – təqr. 912-913), Əbu-İshaq İstəxri (təqr. 820-934), Azərbaycan alimi Məhəmməd Naxçıvani (XIII əsrin sonu – XIV əsrin 2-ci yarısı), İran alimi Rəşidəddin Fəzlullah (1247-1318) və b. əsərlərində Azərbaycanın iqtisadiyyatı, inzibati bölgüsü, dağ və çayları, şəhərləri, onların arasındakı məsafələr, ticarət yolları və s. haqqında yazmışlar. Alban (Qafqaz) tarixçisi Musa Kalankatlı (VII – VIII əsrlər) “Alban tarixi” əsərində Albaniyanı şöhrətli, təbiəti zəngin və əhalisi çox olan ölkə kimi təsvir etmiş, orada çoxlu məhsuldar torpaqların, gözəl bağların və yaşıl çöllərin olmasını göstərmişdir. Venesiyalı F.Mauronun dünya xəritəsində (1459), Əlşərifin (1601), alman alimi və səyyahı A.Olearinin (1647) xəritələrində, həmçinin I Pyotrun tapşırığı ilə (1720) tərtib olunmuş və 1723-cü ildə nəşr edilmiş “Şərqi Zaqafqaziya və Xəzər dənizi” xəritəsində Azərbaycanın yaşayış məntəqələri, gölləri, çayları və s. göstərilmişdir.

Azərbaycan coğrafiyaşünası Əbdürrəşid Bakuvi Azərbaycanın iqlimi, Bakının təbiəti və burada neft çıxarılması, Hacı Zeynalabdin Şirvani və Abbasqulu ağa Bakıxanov Azərbaycanın coğrafiyası haqqında fikir söyləsmişlər. Azərbaycan ərazisinin öyrənilməsində həmçinin V.Abix, İ.Fiqurovski, A.Zaxarov və başqalarının xidməti olmuşdur. Azərbaycan Respublikasının ərazisinin kompleks tədqiqinə isə Sovet hakimiyyəti illərində başlanmış, müxtəlif miqyaslı xəritələr tərtib edilmiş, samballı coğrafi atlaslar yaradılmışdır. Respublika ərazisinin hərtərəfli öyrənilməsində Azərbaycan Milli EA-nın rolu böyükdür.

Qədim Azərbaycan torpağı Ön Asiyada yerləşir və Qafqaz dağlarının cənub-şərq hissəsindən Urmiya gölünün cənub və cənub-şərqindəki dağlıq ərazilərə qədər olan sahələri əhatə edir. Onun sahəsi 200 min kvadrat km-dən artıqdır.

Azərbaycan bütövlükdə şimal yarımkürəsində yerləşir. İspaniya, Yunanıstan, Türkiyə, Çin, Koreya təqribən Azərbaycanla eyni coğrafi enlikdədir. Avropadan Orta və Şərqi Asiya ölkələrinə gedən bir sıra mühüm beynəlxalq əhəmiyyətli yollar Azərbaycan ərazisindən keçir.

Respublikanın ərazisi şimaldan cənuba 400 km, qərbdən şərqə isə 500 km məsafədə uzanır, 38°25′ – 41°55′, şimal enliklər və 44°50′ – 50°51′ şərq uzunluqları arasında yerləşir.

Avropa və Asiyanın qovşağında yerləşərək, respublika unikal geosiyası və coğrafi mövqeyə malik olmaqla, qədim zamanlardan ta indiyədək dünyəvi iqtisadi və mədəni əlaqələr üçün öz əhəmiyyətini qoruyub saxlamaqdadır.

AZƏRBAYCANIN ƏHALİSİ

         Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir və sahəsi 86,6 min kv. km-dir. 2004-cü ilin əvvəlinə Azərbaycan Respublikasının əhalisi 8 milyon 265 min nəfər, o cümlədən 4 milyon 254 min nəfər və ya 51,5 faizini şəhər və 4 milyon 11 min nəfər və ya 48,5 faizini kənd sakinləri təşkil etmişdir. Ölkə əhalisinin ümumi sayından 4 milyon 58 min nəfəri, yaxud 49 faizi kişi, 4 milyon 207 min nəfəri və ya 51 faizi qadınlardır.
Əhalinin yaş strukturu aşağıdakı kimi səciyyələnir: əhalinin ümumi sayından 26 faizi 0 – 14 yaşda, 67 faizi 15-64 yaşda, 7 faizi isə 65 və yuxarı yaşda olanlardır. Əhalinin 29 faizi 18-34 yaşda olan gənclərdir, onların yarıdan bir qədər çoxu şəhər yerlərində yaşayır.
Əhalinin orta yaşı 31 yaş təşkil edir.
Son 5 il ərzində ölkədə hər il orta hesabla 114 min körpə və ya hər gün təxminən 312 yeni vətəndaş dünyaya gəlir. 2003-cü ildə ölkədə doğum səviyyəsi əhalinin hər 1000 nəfərinə hesabı ilə 14 nəfər təşkil etmişdir.
Respublikada ölümün səviyyəsi nisbətən aşağı və sabit səviyyə ilə səciyyələnir. Lakin çoxsaylı insan tələfatına səbəb olmuş Ermənistanın hərbi təcavüzü nəticəsində 1992-94-cü illərdə ölüm səviyyəsinin göstəricisi xeyli artmışdır. Azərbaycan ilə Ermənistan arasında atəşkəs rejimi tətbiq edildikdən sonra ölümün səviyyəsi azalmış və keçən il əhalinin hər 1000 nəfərinə hesabı ilə 6 nəfər təşkil etmişdir.
Ölümün səviyyəsi gözlənilən ömür uzunluğu göstəricisində də öz əksini tapır. Ötən il bu göstərici 72,3 yaş, o cümlədən kişilər üçün – 69,5 yaş qadınlar üçün isə – 75, 1 yaş təşkil etmişdir.
Doğumun səviyyəsinə nigah da əhəmiyyətli dərəcədə təsir göstərir. Ötən il ölkədə 56,1 min nigah bağlanmış və 6,7 min nigah pozulmuşdur. Hazırda 16 və yuxarı yaşda olan qadınların təxminən 43 faizi nigahdadır.
2003-cü il ərzində daimi yaşamaq üçün respublikadan 3,8 min nəfər getmiş, 2,5 min nəfər isə ölkəyə gəlmişdir. Bu göstəricilər əvvəlki illərlə müqayisədə xeyli azalıb.
Əhalinin son siyahıyaalınmasının nəticələrinə görə ölkə əhalisinin 90,6 faizi azərbaycanlılar, 2,2 faizi ləzgilər, 1,8 faizi ruslar, 1,5 faizi ermənilər, 1,0 faizi talışlar, 0,6 faizi avarlar, 0,5 faizi türklər, 0,4 faizi tatarlar, 0,4 faizi ukraynalılar, 0,2 faizi saxurlar, 0,2 faizi gürcülər, 0,2 faizi kürdlər, 0,13 faizi tatlar, 0,1 faizi yəhudilər, 0,05 faizi udinlər, 0,12 faizi isə digər millətlərdir.
Öz millətinin dilində sərbəst danışa bilən əhalinin bütövlükdə ölkə üzrə xüsusi çəkisi 99,2 faiz olmuşdur. Azərbaycanlılar arasında bu göstərici 99,8 faiz təşkil etmişdir.
Əhalinin sayı (01.01.2005-ci il) – 8347.3 min nəfər
o cümlədən:
kişilər – 4103,7 min nəfər
qadınlar – 4243,6 min nəfər
18 yaşına qədər olan əhali – 2936,2 min nəfər
Pensiyaçıların sayı – 1373,0 min nəfər
(2004-cü il üzrə gözlənilən)

AZƏRBAYCANIN ƏRAZİSİ


       Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir və sahəsi 86,6 min kv. km-dir (11,5% meşələr, 1,6% su hövzələri, 50,0% becərilən torpaqlar, o cümlədən 27,0% otaqlar, 36,9% sair torpaqlar) təşkil edir.
Ölkə 39° 24′, 41° 54′ şimal en dairələri arasında və 44° 46′, 50° 45′ şərq uzunlugunda, Bakı 40° paralel üzərindədir.
Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir.
Sahil xəttinin uzunluğu – 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir.
Dünyada ən böyük göl – Xəzər dənizi sahəsi 400000 km2, ən dərin yeri – 1025 m.
Ən yüksək dağ zirvəsi – Bazardüzü – 4466 m.

Su-bataqlıq ərazilər

        Azərbaycan Respublikasında ümumi sahəsi 200 min hektardan artıq olan su-bataqlıq əraziləri mövcuddur.
Respublikamızda sahəsi 1000 hektardan böyük olan su-bataqlıq sahələrinin sayı 17-yə yaxındır (Böyük və Kiçik Qızılağac körfəzləri, Ağ göl, Mahmudçala, Hacıqabul gölü, Kür çayının deltası, Sarısu, Dəvəçi limanı, Xəzər sahili boyu ərazilər və s.). Həmin ərazilərə qışlama və köç mövsümündə 100 minlərlə müxtəlif növ quş toplanır.
“Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan su-bataqlıq yerləri haqqında” Ramsar Konvensiyası 1971-ci il 02 fevral tarixində İranın Ramsar şəhərində imzalanıb. Konvensiya Azərbaycan Respublikası tərəfindən 2001-ci il 18 iyul tarixində ratifikasiya edilib.
Ağ göl, Böyük və Kiçik Qızılağac körfəzləri mühüm su-bataqlıq əraziləri kimi 2001-ci il 25 may tarixindən Ramsar Konvensiyasının “Ramsar Siyahısı”na daxil edilib və hazırda digər böyük su-bataqlıq ərazilərinin də bu siyahıya daxil edilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 05 iyul tarixli Sərəncamı ilə Ağ göl Dövlət Təbiət Qoruğunun sahəsi 17924 hektara qədər genişləndirilərək ona Milli Park statusu verilib. Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin də genişləndirilərək Dənizkənarı Milli Parkın yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, su-bataqlıq quşlarının mühafizəsi məqsədilə hər il 2 fevral “Ümumdünya Su-bataqlıq Əraziləri Günü” kimi qeyd olunur. BMT tərəfindən 2011-ci il “Beynəlxalq Meşələr İli” elan edildiyindən, cari ildə “Ümumdünya Su-bataqlıq Əraziləri Günü”nün “Bataqlıqlar və Meşələr” mövzusu altında qeyd edilməsi nəzərdə tutulub. Eyni zamanda bu il Ramsar Konvensiyasının imzalanmasının 40 ili tamam olur.

Daxili suları

           Respublikanın sıx çay şəbəkəsi, onun ərazisini sanki mavi hörümçək toru ilə örtmüşdür. Azərbaycan ərazisində irili-xırdalı 8400-ə yaxın çay vardır. Onlardan 850-si 5 km-dən artıq uzunluğa malikdir. Lakin uzunluğu 100 km-dən artıq olan çayların sayı cəmi 24-dür.
Kür və Araz çayları Qafqazın ən iri çayları olub, ölkənin başlıca suvarma və hidroelektrik enerjisi mənbələridir.
Kür çayı Türkiyə ərazisindəki Qızılgədik dağının şimal-şərq yamacından, 2740 m mütləq yüksəkliyə malik sahədən başlayır. O, Gürcüstan ərazisindən keçərək, Azərbaycan ərazisinə daxil olur. Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə qovuşur. Kür çayının ümumi uzunluğu 1515 km-dir, onun 906 km-i Azərbaycan Respublikası ərazisindədir. Hövzəsinin sahəsi 188 min kvadrat km-dir. Kür çayı üzərində Mingəçevir, Şəmkir və Yenikənd bəndləri və hidroelektrik stansiyaları inşa edilmiş, nəhəng su anbarları yaradılmışdır. Mingəçevir su anbarından çəkilmiş iri suvarma kanalları – Yuxarı Qarabağ və Yuxarı Şirvan vasitəsilə Kür-Araz ovalığının torpaqları suvarılır.
Araz çayı Türkiyə ərazisində Bingöl silsiləsindən (2990 m) başlayır, Sabirabad şəhəri yaxınlığında (Suqovuşan kəndində) Kürlə qovuşur. Onun uzunluğu 1072 km, hövzəsinin sahəsi 102 min kvadrat km-dir. Samur çayı Azərbaycanın şimal-şərqində ən iri çaydır. Dağıstan ərazisində 3600 m mütləq hündürlükdən başlayır və Xəzər dənizinə tökülür. Uzunluğu 216 km, hövzəsinin sahəsi 4,4 min kvadrat km-dir. Bundan başqa Qusarçay, Qudialçay, Vəlvələçay, Sumqayıtçay, Viləşçay, Lənkərançay və Astaraçay da Xəzər dənizinə tökülür. Azərbaycanda külli miqdarda dağ çayları mövcuddur. Əksər çaylar qar və yağışların hesabına qidalanır. Mənbəyini Böyük Qafqazdan götürmüş Balakənçay, Talaçay, Katexçay, Kürmükçay, Kişçay və digər kiçik çaylar Alazan-Əyriçay vadisində Alazan və Əyriçaya qovuşurlar.
Başlanğıcını Kiçik Qafqazdan götürmüş Ağstafaçay, Tovuzçay, Əsrikçay, Zəyəmçay, Şəmkirçay, Gəncəçay, Kürəkçay, Tərtərçay Kürə qovuşur, Həkəriçay, Oxçuçay və Naxçıvan MR ərazisindəki Arpaçay, Naxçıvançay, Əlincəçay, Giliançay, Ordubadçay Araza tökülür.
Azərbaycan Respublikası ərazisində 250-ə yaxın qidalanma və əmələgəlmə şəraitinə görə fərqlənən təbii şirin və şorsulu göl vardır. Onlardan buzlaq mənşəli Tufangölü, uçqun və sürüşmədən yaranan Göygölü, Maralgölü, Qaragölü, Batabatı və s., çay-dərə mənşəli Ağgöl, Sarısu, Mehman, Hacıqabul göllərini və ən iri şorsulu Acınohur, Böyükşor, Binəqədi və s. gölləri göstərmək olar.