AZƏRBAYCANIN ƏHALİSİ

         Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir və sahəsi 86,6 min kv. km-dir. 2004-cü ilin əvvəlinə Azərbaycan Respublikasının əhalisi 8 milyon 265 min nəfər, o cümlədən 4 milyon 254 min nəfər və ya 51,5 faizini şəhər və 4 milyon 11 min nəfər və ya 48,5 faizini kənd sakinləri təşkil etmişdir. Ölkə əhalisinin ümumi sayından 4 milyon 58 min nəfəri, yaxud 49 faizi kişi, 4 milyon 207 min nəfəri və ya 51 faizi qadınlardır.
Əhalinin yaş strukturu aşağıdakı kimi səciyyələnir: əhalinin ümumi sayından 26 faizi 0 – 14 yaşda, 67 faizi 15-64 yaşda, 7 faizi isə 65 və yuxarı yaşda olanlardır. Əhalinin 29 faizi 18-34 yaşda olan gənclərdir, onların yarıdan bir qədər çoxu şəhər yerlərində yaşayır.
Əhalinin orta yaşı 31 yaş təşkil edir.
Son 5 il ərzində ölkədə hər il orta hesabla 114 min körpə və ya hər gün təxminən 312 yeni vətəndaş dünyaya gəlir. 2003-cü ildə ölkədə doğum səviyyəsi əhalinin hər 1000 nəfərinə hesabı ilə 14 nəfər təşkil etmişdir.
Respublikada ölümün səviyyəsi nisbətən aşağı və sabit səviyyə ilə səciyyələnir. Lakin çoxsaylı insan tələfatına səbəb olmuş Ermənistanın hərbi təcavüzü nəticəsində 1992-94-cü illərdə ölüm səviyyəsinin göstəricisi xeyli artmışdır. Azərbaycan ilə Ermənistan arasında atəşkəs rejimi tətbiq edildikdən sonra ölümün səviyyəsi azalmış və keçən il əhalinin hər 1000 nəfərinə hesabı ilə 6 nəfər təşkil etmişdir.
Ölümün səviyyəsi gözlənilən ömür uzunluğu göstəricisində də öz əksini tapır. Ötən il bu göstərici 72,3 yaş, o cümlədən kişilər üçün – 69,5 yaş qadınlar üçün isə – 75, 1 yaş təşkil etmişdir.
Doğumun səviyyəsinə nigah da əhəmiyyətli dərəcədə təsir göstərir. Ötən il ölkədə 56,1 min nigah bağlanmış və 6,7 min nigah pozulmuşdur. Hazırda 16 və yuxarı yaşda olan qadınların təxminən 43 faizi nigahdadır.
2003-cü il ərzində daimi yaşamaq üçün respublikadan 3,8 min nəfər getmiş, 2,5 min nəfər isə ölkəyə gəlmişdir. Bu göstəricilər əvvəlki illərlə müqayisədə xeyli azalıb.
Əhalinin son siyahıyaalınmasının nəticələrinə görə ölkə əhalisinin 90,6 faizi azərbaycanlılar, 2,2 faizi ləzgilər, 1,8 faizi ruslar, 1,5 faizi ermənilər, 1,0 faizi talışlar, 0,6 faizi avarlar, 0,5 faizi türklər, 0,4 faizi tatarlar, 0,4 faizi ukraynalılar, 0,2 faizi saxurlar, 0,2 faizi gürcülər, 0,2 faizi kürdlər, 0,13 faizi tatlar, 0,1 faizi yəhudilər, 0,05 faizi udinlər, 0,12 faizi isə digər millətlərdir.
Öz millətinin dilində sərbəst danışa bilən əhalinin bütövlükdə ölkə üzrə xüsusi çəkisi 99,2 faiz olmuşdur. Azərbaycanlılar arasında bu göstərici 99,8 faiz təşkil etmişdir.
Əhalinin sayı (01.01.2005-ci il) – 8347.3 min nəfər
o cümlədən:
kişilər – 4103,7 min nəfər
qadınlar – 4243,6 min nəfər
18 yaşına qədər olan əhali – 2936,2 min nəfər
Pensiyaçıların sayı – 1373,0 min nəfər
(2004-cü il üzrə gözlənilən)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *