Xəzərin Abşeronda ekoloji vəziyyəti

Xəzər dənizinə qovuşan irili-xırdalı 160 axar qeydə alınmışdır ki, onlardan 10-u Binəqədi, 8-i Sabunçu, 10-u Əzizbəyov, 6-sı Suraxanı, 32-si Xətai, 2-si Nəsimi, 47-si Səbail,  45-i Qaradağ rayonları ərazisindədir. 130 metrlik mühafizə zolağı nəzərə alınmadan yeni tikililər salınmış, bununla da sahil zolağında ekoloji vəziyyət kəskinləşmişdir.

«AzərSu» SC-nin Bakı Kanalizasiya Xidmət Idarəsinin 5 ədəd təmizləyici qurğusu (TQ) fəaliyyət göstərir ki, onlardan ikisi qəbul etdiyi çirkab suları bioloji üsulla, üçü isə mexaniki yolla təmizləmək üçün nəzərdə tutulmuşdur. Lakin MTQ-lar (Hacı Həsən MTQ, Mərdəkan-Şüvəlan MTQ, Zığ MTQ) uzun müddət fəaliyyət göstərdiyindən, cari və əsaslı təmir işləri aparılmadığından istismara yararsız vəziyyətə düşmüşdür. BTQ-lar (Hövsan Aerasiya Stansiyası və Sahil BTQ) isə istismara qüsurlarla verildiyindən, onların da fəaliyyəti qeyri-qənaətbəxşdir.

«AzərSu» SC-nin Bakı Kanalizasiya Xidmət Idarəsinin balansında olan «leysan suları» kollektorlarının əksəriyyəti (80%-ə qədəri) Səbail rayonu «Milli Park» ərazisindən Bakı buxtasına tökülür. Bu kollektorlara məişət-fekal, istehsalat və s. çirkab sularının axıdılması da müşahidə olunur. Bundan başqa, Bakı şəhərinin digər rayonlarında formalaşan qarışıq çirkab sular 8-ci km, Keşlə, Əhmədli, Dairəvi və s. kollektorlar vasitəsilə təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılır.

Binəqədi rayonu ərazisindən dənizə 10 çıxış xətti vastəsilə müxtəlif tərkibli çirkab suların axıdılması davam edir. Novxanı qəsəbəsindən 8, Goradil və Fatmai qəsəbələrinin hər birindən 1 çıxış xətti ilə axıdılan müxtəlif tərkibli çirkab sular (məişət-fekal və qrunt sularının) çimərlik sahəsində gölməçələr yaradaraq, sahil zolağında ekoloji tarazlığı pozur və oradan da dənizə axır.

Sabunçu rayonu ərazisində dənizə 8 çıxış xətti qeydə alınmaqla yanaşı, Fatmai-Pirşağı qəsəbələri arasında və Kürdəxanı bağları sahəsində (sahilə yaxın ərazilərdə) kütləvi surətdə fərdi evlərin tikintisi müşahidə olunmuşdur. Pirşağı qəsəbəsindən, dənizə 3 çıxış xətti vasitəsilə çirkab suların axıdılması davam edir.

«Qızıl Qum» sanatoriyasında qaçqınlar məskunlaşmış və Təmizləyici Qurğular (TQ) baxımsızlıq üzündən sıradan çıxdığından çirkab sular təmizlənmədən xüsusi tikilmiş buxarlanma sahələrinə deyil, birbaşa sahil zolağına axıdılır. Bu da ərazidə bataqlıqların və süni çirkab gölməçələrinin əmələ gəlməsinə səbəb olur.

Xəzər rayonu ərazisindən dənizə 10 çıxış xətti qeydə alınmışdır. Şağan və Mərdəkan qəsəbələrində formalaşan çirkab suların relyef boyu axıdılması nəticəsində sahil zonasında on hektarlarla ərazi bataqlıqlaşmış və süni çirkab gölməçələri əmələ gəlmişdir. «Marina Beach» restoranının yanından, yolun altından qoyulmuş xüsusi boru xətləri vasitəsilə çirkab sular süni çirkab gölməçələrindən dənizə axıdılır.

Pirallahı qəsəbəsində bioloji təmizləyici qurğu (BTQ) istismara  yararsız vəziyyətdə olduğundan ötürücü nasosxanalar çirkab suyu qurğulara deyil, birbaşa dənizə nəql edir. Qəsəbə ərazisindən dənizə 5 çıxış xətti qeydə alınmışdır. Dənizə olan çıxış xətlərinin ətrafında irili-xırdalı antropogen gölməçələr və zibilxanalar müşahidə olunmuşdur.

Buzovna və Mərdəkan qəsəbələrinin sahil zonasında 130 metrlik mühafizə zolağı gözlənilmədən xeyli yaşayış binalarının və mehmanxanaların tikintisi müşahidə olunmuşdur.

Suraxanı rayonu ərazisindən dənizə 6 çıxış qeydə alınmışdır. Ekoloji qaynar nöqtə kimi qeydə alınan Hövsan kanalı, «Cənub» kanalının davamı olmaqla gün ərzində təqribən 90 min m3-ə qədər yüksək dərəcədə çirklənmiş suyu birbaşa Xəzər dənizinə axıdır. Hövsan kanalının çirklənməsinə başlıca səbəb kanal boyu fəaliyyət göstərən kiçik müəssisələrdə («Arsenal» Atçılıq Təssərrüfatı, «Nelf» Quşçuluq Təssərüfatı və s.), yaşayış massivlərində, eləcə də iri sənaye müəssisələrində (Beynəlxalq Hava Limanının drenaj suları, Binə qəsəbəsindəki Islah Əmək Müəssisələrinin, «Binə» və «Sədərək» Ticarət Mərkəzlərinin, «Balaxanıneft» və «Suraxanıneft» NQÇI və s.) formalaşan çirkab suların təmizlənmədən və zərərsizləşdirilmədən axıdılmasıdır.

Xəzər dənizinə ən çox çirkab su axıdan kanalizasiya xətləri ilə zəngin rayonlardan biri Xətai rayonudur. Bu rayon ərazisindən dənizə 32 çıxış vasitəsilə müxtəlif dərəcədə çirklənmiş çirkab sular axıdılır və o cümlədən, təqribən 95%-i təmizlənmir. H.Əliyev adına Ali Hərb Məktəb yerləşən yaşayış sahəsindən 11 çıxış xətti vasitəsilə çirkab sular təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdılır. Qəsəbənin sahil xəttində fərdi yaşayış evləri, heyvandarlıq üçün binalar və s. tikilməkdədir və bu ərazidə sahil zolağı zibilxanaya çevrilmişdir.

Rayon ərazisində fəaliyyət göstərən böyük müəssisələrdən biri olan «Azərneftyağ» NEZ-də hələ də köhnə, günün tələblərinə cavab verməyən təmizləyici qurğular istismar edildiyindən daxil olan çirkab sular təmizlənmır.

Səbail rayonu ərazisindən Xəzər dənizinə tökülən 47 axar qeydə alınmışdır. Dənizkənarı «Milli Park» ərazisindən dənizə təmizlənməmiş çirkab su axıdan 10-dan artıq kanalizasiya xətti fəaliyyət göstərir. Şəhərin «Böyük Bakı» kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılmadığından şəhərin mərkəzi hissəsinin məişət-fekal çirkab suları Leysan Suları kollektorları vasitəsilə təmizlənmədən dənizə axıdılır. «Milli Park» ərazisində fəaliyyət göstərən «Mirvari» kafesinin yanında pilləkanların altında sızan içməli su itkisi uzun illərdir aradan qaldırılmır.

Bayıl qəsəbəsinin sahil zonasını tutan hərbi hissələrin ərazisindən 13 çıxış xətti vasitəsilə sənaye və məişət–fekal çirkab suları təmizlənmədən dənizə axıdılır.

Qəsəbədə yerləşən I.Allahverdiyev adına Gəmi Qayırma və Gəmi Təmiri Zavodunun ərazisindən, müəssisədə formalaşan çirkab suların çıxışından başqa qəsəbənin məişət-fekal çirkab suları da 2 çıxış xətti vastəsilə dənizə axıdılır.

Başlanğıcını Badamdar qəsəbəsindən götürən 32-ci kanala müəssisələrdə formalaşan çirkab sularla yanaşı, 20-ci yaşayış sahəsi və onun ətrafındakı yeni salınmış yaşayış massivlərinin, eləcə də Bayıl qəsəbəsinin bir hissəsinin  məişət-fekal suları axıdılır.

Uzunluğu 6 km, əsas mənşəyi təmizlənməmiş qarışıq sulardan (məişət-fekal, istehsalat və qismən qrunt suları) ibarət olan 32-ci kanal Səbail rayonunda Badamdar qəsəbəsindən başlayaraq «20-ci sahə» yaşayış məntəqəsindən keçməklə «Xəzərdənizneftdonanma» GTZ-nun qərbindən Xəzər dənizinə (Sevinc buxtasına) tökülür. 32-ci kanalın çirklənməsinə əsas səbəb kanalboyu ərazilərdə yerləşən yüzlərlə fərdi yaşayış evlərinin, onlarla avtoxidmət məntəqələrinin, ticarət-iaşə obyektlərinin, səhiyyə, təhsil ocaqları və sənaye müəsisələrində formalaşan çirkab sularının açıq arxlarla və ya müxtəlif diametrli borularla bu kanala təmizlənmədən axıdılmasıdır. Kanal boyunca kiçik həcimli çoxsaylı qeyri qanuni zibilxanalar müşahidə edilmişdir.

Qaradağ rayonu ərazisindən 45 axar vasitəsi ilə müxtəlif dərəcədə çirklənmiş çirkab sular Xəzər dənizinə axıdılır. Lökbatan qəsəbəsinin, Ə.Əmirov adına NQÇI-nin, Hacı-Həsən gölünün qarışıq çirkab suları Qırmızı Göl vastəsiylə Lökbatan çimərliyi sahəsindən dənizə axıdılır və sahil zolağındakı 10 hektarlarla ərazini bataqlqlaşdırmışdır. Rayonun Sahil qəsəbəsi ərazisindən dənizə 4 çıxış xətti, o cümlədən «Qaradağ Sement» ATSC-nin, digərləri isə Bioloji Təmizləmə Qurğusunun (1 və 2 saylı nasos stansiyalarının qəza xətləri) qeydə alınmışdır. Rayonun yeni salınmış Ümid qəsəbəsindən 1, Səngəçal qəsəbəsindən isə 3 çıxış xətti vastəsilə çirkab sular dənizə axıdılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *