Azərbaycan Respublikasının heyvanlar aləmi

        Azərbaycan özünəməxsus fauna kompleksi olan bir neçə zoocoğrafi əyalətlərin qovşağında yerləşir. Qonşu ərazilərdən – İrandan, Orta Asiyadan, Aralıq dənizi ölkələrindən olan bəzi heyvan növləri buradakı şəraitə uyğunlaşmış, respublikanın faunasını zənginləşdirmişdir.

Azərbaycan Respublikası ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir.

Respublika ərazisndə 97 növ məməli, 357 növ quş, 67 növ amfibii və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.

Düzənlik sahələrin faunası külli miqdarda məməlilər, sürünənlər, suda-quruda yaşayanlar və çoxsaylı oturaq və köçəri quşlarla təmsil olunub.

Burada məməlilərdən ceyrana, çöl donuzuna, canavara, tülküyə, porsuğa, qamışlıq pişiyinə, dovşana və s., sürünənlərdən – bataqlıq, Xəzər və Aralıq dənizi tısbağalarına, zolaqlı kəltənkələyə, adi və su koramalına, gürzəyə və s., suda-quruda yaşayanlardan – müxtəlif növ qurbağalara, quşlardan – qırqovula, kəkliyə, turaca, qartala, müxtəlif növ ördək və qazlara, harayçı və fısıldayan qu quşlarına, qaşqaldağa, sultan toyuğuna, vağlara, qarabatdaqlara, qıvrımlələk qutana və s. həşaratların bir çox növlərinə rast gəlinir.

Orta və yüksək dağlıq hissədə düzənlikdə rast gəlinən heyvanlardan başqa bu ərazilər üçün xarakterik sayılan Şərqi Qafqaz təkəsi, Qafqaz maralı, Qafqaz köpgəri, Avropa cüyürü, Qafqaz qonur ayısı, quşlardan toğlugötürən, berkut, Qafqaz şahini, Qafqaz tetrası, Qafqaz uları və s. fauna nümunələri məskunlaşmışdır.

Azərbaycan Respublikasının “Qırmızı kitabı”na 108 heyvan növü, o cümlədən 14 növ məməli, 36 növ quş, 13 növ amfibi və reptililər, 5 növ balıq və 40 növ həşərat daxil edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *