Eko Aləm İctimai Birliyi “Məktəblilərin ekoloji biliklərinin artırılması məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsinin icrasına başlamışdır

eko-alem-logoEko Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-cı il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “Məktəblilərin ekoloji biliklərinin artırılması məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi ilə iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur.

İnsanlar, tullantıların sağlamlıq üçün yaratdığı təhlükələr barədə məlumatlı olmalı, tullantılarla mübarizə aparmağı bacarmalıdırlar. Zibillərin həddən artıq həcmdə bir yerdə  toplanması, gəmiricilərin və kiçik həşəratların əmələ gəlməsinə səbəb olur. Milçəklərin, ağcaqanadların və digər  həşəratların bu zibillərdə əmələ gəlməsi, müxtəlif yolxucu xəstəliklərin yaranması riskini artırır. Böyük zibilliklərin, heyvan leşlərinin ətrafına toplanan milçəklər, ən dəhşətli infeksiya daşıyıcılarıdır. Polietilen paketlər dolusu zibilləri, zibil qablarına atan zaman yaşadığımız şəhərin kənarında olan zibilliklər barədə heç kim fikirləşmir. İnsanlar bu zibillərin sonradan hara atılması barədə heç düşünmürlər. Adi hal hesab etdiyimiz polietilen  paketlərdə olan zibillərin çürüməsi üçün uzun müddət vaxt lazımdır. Şəhərdə yaşayan hər insan bir ildə ətraf mühitə 230 kq məişət tullantısı atır. Ətraf mühitə atılan zibil vedrələrində olan zibilləri yük vaqonlarına toplasaq, onda 850 km uzunluğunda bir dəmiryol qatarları yaranar.

Bizdən sonra, ətraf mühitə atdığımız tullantılar hələ çox yaşayacaq.  Onlarla gələcək nəsillər mübarizə aparacaq. Biz indidən düşünməliyik ki, uşaqlarımız, gələcək nəsillərimiz üçün ətraf mühiti,  talaları, meşələri, dənizlərin, çayların sahillərini plastik paketlərsiz,  plastik butulkalarsız  təmiz bir şəkildə miras qoyaq.

Təbiətin öyrənilməsi insana öz həyatını yaxşılaşdırmaq üçün təbii sərvətlərdən səmərəli istifadə etməyə kömək edir. Təbiətin mühafizəsi işinin təşkil edilməsi insanlara uşaq yaşlarından təbliğ edilməlidir. Uşaqlar bilməlidirlər ki, öz gələcək sağlam həyatlarını təmin etmək üçün ətraf mühiti qorumaq lazımdır və bunun üçün nə etməlidirlər. Ətraf mühitin çirklənməsi günü-gündən ciddiləşir. Bu obyektiv reallıqdır. Ətraf mühitin çirklənməsi ekoloji tarazlığı pozur. Ekoloji tarazlıq təbiətin obyektiv qanunudur və o, yalnız bitki və heyvanat aləminin yox, eyni zamanda insanın da sağlamlığına təsir edir. İnsanın normal yaşamağı və inkişafı üçün ilk növbədə təmiz hava, saf içməli su və qida vacibdir.

Müasir dövrdə tullantıların, insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin azaldılmasına yönəlmiş tədbirlər görülməsi olduqca vacibdir.

 

Eko Aləm İctimai Birliyi 15 aprel 2018-cı il tarixindən layihə işinin icrasına başlayır.

Eko Aləm İctimai Birliyinin sədri: Sevil Yüzbaşeva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *